Bakı şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə 07 oktyabr tarixindən etibarən başlanan Azərbaycanın bütün rayonlarını əhatə edən “Zəfər Forumu”nun bağlanış mərasimi keçirilib.
Forumun bağlanışında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi, Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayonun yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, Agentliyin Müşahidə Şurasının üzvləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib. Vüsal Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində Qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.
.Digər çıxışçılar şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.
Zəfər forumun çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə «Əsgərə məktub» layihəsi keçirilib.