Dərdli ölür, dərd qalır,
Namərd satır, mərd alır…
Qoşa daşı nərd salır
Qonşu yuvaya, gülüm…
Gül açıbdı harayım,
,,Yanıq Kərəmi» hayım…
Söylə, necə oynayım,
Qərib havaya, gülüm…
Öz-özünə gözdağı,
Geyib kəfənlik ağı…
Dünya dəli yığnağı,
Gülür ah-vaya, gülüm…
Ömür çırpılır hey kal,
Ağrısı cana halal…
Axıb gedir dili lal,
Dönüb lil çaya, gülüm.
Bir ömürlük dözümlə,
Sən ağlayan gözümlə,
Sənsiz özüm, özümlə
Düşdüm davaya, gülüm…
Bəlkə, yas saxlamaqla,
Kirpik yaş bağlamaqla,
Bir dəli ağlamaqla,
Dərdin suvaya gülüm…
Könlüm oldu sal qaya,
Dərdləri saya-saya…
Bir ömür ahdı Aya,
Aynası saya, gülüm…
Sanma ki, unutmuşam,
Qəhərimi udmuşam…
Gecələrim sənə şam,
Baxsana, Aya, gülüm…
Ölüm rəngi sarıdır,
Başdaşıma sarı dur:
,,Ölüm bizə sarıdır…»
,,Quran»da ayə, gülüm…
Mirnəzər Mirkazımlı.