44 günlük müharibənin beynəlxalq hüquqi nəticələrinə dair layihəyə start verilib

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq elmi-maarifləndirmə təşəbbüsləri” adlı layihənin icrasına başlanılıb.

2 ay müddətinə Bakı şəhərində həyata keçiriləcək layihənin məqsədi 44 günlük Vətən müharibəsinin beynəlxalq hüquqi nəticələri ilə bağlı, o cümlədən müharibə zamanı Ermənistanın törətdiyi transmilli cinayətlər haqqında beynəlxalq platformalarda onlayn elmi-maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır.

Layihədə çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə müharibədən sonrakı yeni geosoiyasi reallıqlar haqqında onlayn beynəlxalq elmi-maarifləndirmə tədbirinin keçirilməsi, həmçinin “44 günlük müharibənin beynəlxalq hüquqi nəticələri və yeni geosiyasi reallıqlar” adlı elektron kitabın hazırlanması və ingilis dilinə tərcümə olunmaqla, vəsaitin internet üzərindən elektron formada yayımlanması nəzərdə tutulur. Kitab Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov tərəfindən hazırlanır.

Layihənin icrası nəticəsində beynəlxalq platformalarda fəaliyyət göstərən tədqiqatçılar, xarici jurnalistlər, bütövlükdə internet istifadəçiləri 44 günlük Vətən müharibəsi, erməni cinayətləri barədə elmi və praktiki məlumatları əks etdirən ingilis dilində elektron kitab əldə etmək imkanı qazanacaqlar.

AİM-in mətbuat və informasiya

xidmətinin məlumatı