Bu günlərdə Sumqayıt Poeziya evi yenə öz qapılarını şəhid ailələrinin üzünə taybatay açdı. Belə ki, Sumqayıt şəhər 14 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Ülviyyə Əlieyevanın təşəbbüsü, həmçinin gənc pedaqoqun Poeziya evinin rəhbərliyi ilə birgə təşkilatçılığı sayəsində, II Qarabağ müharibəsində şəhid olmuş igidimiz Kərim Əhmədəliyevin mövludu ilə bağlı, tədbir keçirildi. Tədbirə şəhid ailələri, qazilər, şəhidimizin sinif və tələbə yoldaşları, dostları, şəhər ictimaiyyəti, incəsənət ustaları dəvət olunmuşdular.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarından keçən igid Vətən oğullarının – Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Daha sonra aparıcılar Şəhidimiz Kərim Əhmədəliyevin həyatı və şərəfli döyüş yolundan geniş məlumat vermişlər.
Kimdir Kərim Əhmədəliyev? İlk öncə qeyd edək ki, qəlbi Vətən eşqi ilə çırpınan, Vətənin bir qarış torpağı üçün canından keçməyə hazır olan vətənpərvər, qeyrətli, qorxmaz Azərbaycan oğlu!
Qısa arayış: Kərim Rövşən oğlu Əhmədəliyev 12 iyun 1998-ci ildə Sumqayıt şəhərində anadan olub, 13 saylı uşaq bağçasında tərbiyə alıb. 2005-2016-cı illərdə 5 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə Azərbaycan Texnologiya Universitetini “Menecment” ixtisası üzrə bitirib.
İti yaddaşa, güclü hafizəyə, natiqlik qabiliyyətinə, zəngin təxəyyülə malik olan yeniyetmə məktəb və tələbəlik illərində həmyaşıdlarından seçilmiş, gözəl tələffüzü, aktyorluq qabiliyyəti ilə hər kəsi heyran etmişdi.
Fəal ictimaiyyətçi olan Kərim öz Ana dilini ürəkdən sevmiş və bu dilin zənginliyi ilə fəxr etmişdi. Daima öz üzərində çalışan, mütaliəyə üstünlük verən gəncin özünün də fərqli, düşündürücü, maraqlı fikirləri olmuşdu. Və fikirlərini sozial şəbəkələrdə dostlarıyla bölüşmüşdü.
K.Əhmədəliyev 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra, Vətən qarşısında borcunu yerinə yetirmək üçün, Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən Goranboy rayonuna həqiqi hərbi xidmətə göndərilir. Andiçmə mərasimindən sonra isə gənc əsgər Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətinə davam edir.
Ə.Kərim hərbi xidmətdə az bir zamanda gözəl xasiyyəti, təlim-tərbiyəsi, fəalığı, bacarığı, həmçinin dostluqda sədaqəti, sözündə bütövlüyü ilə döyüş yoldaşlarının və komandanlığın rəğbətini qazanmağı bacarır. Həmyaşıdlarına, özündən kiçiklərə nümunə göstərilən bir əsgər olur İgidimiz!
21-26 Sentyabr 2020-ci il tarixlərində Kərim Əhmədəliyev yoldaşları ilə birlikdə Ağdamın Baharlı kəndində təlimlərdə olur. 27 Sentyabr 2020-ci ildə II Qarabağ savaşı başlanan zaman gənc əsgər slahdaşları ilə birlikdə, düşmənə qarşı HAQQ savaşına qalxır. Onların dəstəsi sentyabrın 27-dən oktyabrın 4-dək Ağdam-Tərtər istiqamətində irəlilədikcə təlimlər keçir, mövqelərini möhkəmləndirirdilər.
Oktyabrın 4-ü Suqovuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə yaralanmasına baxmayaraq, Kərim silahını yerə qoymur. Döyüş zamanı atılan minomyot qəlpələrindən Azərbaycan Ordusunun cəsur döyüşçüsü qəhrəmancasına həlak olaraq, ən uca olan Şəhidlik Zirvəsinə yüksəlir…
10 Oktyabr 2020-ci ildə Vətən sevdalı cəsur döyüşçü, gənc kəşfiyyatçı, manqa komandiri Kərim Əhmədəiyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və Suqovuşanın azad olunmasında göstərdiyi igidliyə və şücaətə görə, Azərbaycan Silahlı Qüvvələrinin igid, mətin, məğrur əsgəri Kərim Rövşən oğlu Əhmədəliyev ölümündən sonra, Ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunur.
Bir gəncin də tükənməz arzuları yarımçıq qalsa da, bu gün kiçikdən-böyüyə hər kəs bizlərə QƏLƏBƏ sevincini yaşadan İgidimizlə qürur duyur, fəxr edir!
Hər zaman “Vaxt gələcək, məndən kitab yazılacaq!” deyən qəhrəman oğul haqqında hələ neçə-neçə kitablar yazılacaq, filmlər çəkiləcək… Necə ki, “Sonunu düşünən Qəhrəman olmaz!” sözlərinə bu gün neçə-neçə şeirlər yazılıb, mahnılar bəstələnib…
Kərim Əhmədəliyevə həsr olunmuş tədbir maraqlı çıxışlar və kompozisiyalarla, vətənpərvərlik ruhunda mahnıların səslənməsi ilə yaddaşlara həkk olundu.
Tədbirin sonunda şəhidimizin anası Tamilla xanım zəhməti keçən hər kəsə, xüsusən də Ülviyyə müəllimə və Poeziyə evinin rəhbərinə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi, şəhidlərimizin ruhunun yad edilıməsi şəhid ailələrinə diqqətlə yanaşı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında önəmli rol oynayır.
Tədbir xatirə şəkilləri çəkilməklə yaddaqalan oldu.
Bir daha deyirik: “Ruhunuz şad olsun, Cənnətməkan Şəhidlərimiz!”.
A.Hacıyeva