Üç Şəhidimizə həsr olunmuş “Vətən ocaqdırsa, şəhidlər oddur!” adlı ədəbi-bədii gecə…

Bu günlərdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər mədəniyyət evinin rəhbər və kollektivinin təşəbbüsü ilə, şəhərin “Poeziya evi”ndə 44 günlük Vətən müharibəsində düşmənə qarşı rəşadətlə mübarizə apararaq qəhrəmancasına həlak olmuş şəhidlərimizin — Daxili Qoşunların giziri Emil İsgəndərovun, Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri Eltun Əliyev və Elvin Novruzovun əziz xatirəsinə həsr olunmuş «Vətən ocaqdırsa, Şəhidlər oddur!” adlı ədəbi-bədii gecə təşkil olunmuşdu.
Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, «Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsinin məsləhətçisi, şairə Xatirə Fərəcli, həmçinin şairə Esmira Günəş, şəhidlərin doğmaları iştirak etmişlər.
İlk əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən sevdalı şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Aparıcılar hər üç şəhid haqqında ətraflı məlumat verdikdən sonra, igid oğulların həyat və döyüş yollarını əks etdirən videoçarx göstərilmişdir. Gənc sənətçilərin ifasında nümayiş olunan «Əsgər məktubu” adlı kompozisiya hər kəsi kövrəltmişdi.
Çıxış edən natiqlər, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda gedən HAQQ savaşında düşmənə qarşı ləyaqətlə, mərdliklə döyüşən igidlərin şərəfli döyüş yollarından, onların fərdi keyfiyyətlərindən, Vətənə olan sonsuz məhəbbətlərindən söz açmış, onların şərəfli döyüş yollarının böyüməkdə olan gənc nəslə BÖYÜK MƏKTƏB olduğunu vurğlamışlar.
Tədbir özfəaliyyət kollektivlərinin üzvlərinin — Aydın Sami, Aydın Lökbatanlı, Kamil Ağazadə, Əvəz Səlimov, Əli Əzizoğlunun və «Veteranlar” xor qrupunun ifasında səslənən vətənpərvər ruhlu mahnılar könülləri oxşamışdır.
Şəhidlərin valideynləri çıxış edərək, təşkilatçılara, zəhməti keçən hər kəsə öz təşəkkürlərini bildirmişlər.
Sonda xatirə şəkilləri çəkilmişdir.