Sumqayıtda “SEÇİLMİŞLƏR” kitabının təqdimat mərasimi keçirildi

Bu günlərdə Sumqayıt  şəhər Heydər Əliyev Mərkəzində, 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçərək Şəhidlik Zirvəsinə yüksələn, Fəxru Xiyabanda və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan 117 qəhrəman oğula həsr olunmuş “SEÇİLMİŞLƏR” kitabının təqdimatı oldu.

Tədbir öncəsi kitabın yaradıcı kollektivi İcra nümayəndələri və bir neçə qurumun rəhbərləri ilə birgə Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək, “Qalib əsgər” abidəsi önünə gül dəstələri qoydular. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdi.

Təqdimat mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkilləri Tahir Mirkişili və Müşfiq Məmmədli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin rəisi, general-mayor Natiq Qarayev, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, İcra və şəhər ictimaiyyətinin nümayəndələri, qonaqlar iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 44 günlük Vətən müharibəsindən, qeyrətli, igid, vətənpərvər oğulların  şücaətindən və prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasətindən bəhs edən videoçarx nümayiş olundu. Şəhid övladlarından ibarət olan “Əmanət” Xor kollektivinin vətənpərvərlik ruhunda ifa etdikləri mahnılar hər kəsi təsirləndirdi.

Tədbirdə şəhər rəhbəri cənab Zakir Fərəcov, Millət vəkili Tahir Mirkişili, kitabın ideya müəllifi və maliyyəçisi, “Azəri” Poliqrafiya Müəssisəsinin rəhbəri Mirfazil Əliyev, “Seçilmişlər” kitabının müəllifi və redaktoru, jurnalist Aygün Hacıyeva, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov, Vətən Müharibəsinin iştirakçısı, Qarabağ ordenli polkovnik-leytenant Ehtiram Məmmədov çıxş etdilər.

Natiqlər öz çıxışlarında Azərbaycanın tarixi keçmişindən, torpaqların  yadellilərin hücumundan,  düşmən tapdağından qorunması uğrunda canlarından, qanlarından keçməyə hazır olmuş Vətən sevdalı oğulların misilsiz qəhrəmanlıqlarından, Hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, qazanılan Qələbədən söz açdılar. Qeyd olundu ki, Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin düzgün mövqeyi, uzaqgörən siyasəti və qətiyyətli addımı öz sözünü dedi və 30 illik həsrətə son qoyularaq Qarabağ torpaqları mənfur düşməndən təmizləndi.

Müzəffər Ordusu, Vətən sevdalı milləti, yekdil xalqı olan Azərbaycan yalnız ZƏFƏRə imza ata bilərdi və bu da məhz 44 gün ərzində baş verdi!

Natiqlər vurğuladılar ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın  döyüşlərdə şəhid olmuş igidlərin əziz xatirəsini əbədiləşdirmək üçün Sumqayıt şəhərində də genişmiqyaslı layihələr həyata keçirilir, işlər görülür. Şəhərin Şəhidlər Xiyabanında kompleks yenidənqurma işləri aparılıb. Şəhid ailələri, qazilər hər zaman diqqət mərkəzindədirlər və qayğı ilə əhatə olunublar. Bu gün Ölkə rəhbərinin tapşırığı ilə, Şəhidlərimizin qanı bahasına alınmış torpaqlarımızda yenidənqurma, quruculuq və abadlıq işləri əzmlə aparılır.

584 səhifədən ibarət olan, 1000 nüsxədə çap olunan “Seçilmışlər” kitabının işıq üzü görməsində əməyi keçən şəxslərə  Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərərəfindən Fəxri Fərmanlar təqdim olundu.

Qeyd edək ki, “Seçilmişlər” kitabında Azərbaycan Tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudlmayacaq dərin izlər qoyan igid, qorxmaz, mərd, cəsur, qeyrətli Vətən oğullarının – Qəhrəmanlarımızın dünyaya gəlişindən Şəhidlik Zirvəsinə ucalana qədər keçdikləri yol öz əksini tapıb. Şəhidlərimizin sevincli-kədərli həyat hekayələri, şirinli-acılı uşaqlıq illəri, arzularla dolu yeniyetməlik və gənclik çağları, şərəfli döyüş yolları, göstərdikləri şücaətlər, həmçinin fərdi keyfiyyətləri – xasiyyət və xarakterləri, həyata baxışları, bacarıq və qabiliyyətləri, fitri istedadları… onların ailə üzvlərinin, qohumlarının, silahdaşlarının, müəllimlərinin, dost-tanışlarının xatirələrindən oxucuya bəyan olur.

Tədbirdə iştirak edən “Əmanət” Xor kollektivinin üzvlərinə – Şəhid övladlarına kitabın maliyyəçisi, “Azəri” Poliqrafiya Müəssisəsinin rəhbəri Mirfazil Əliyevin hazırlatdırdığı hədiyyələr təqdim olundu.

Sonda həmin günün xoş xatirəsi şəkillər çəkilməklə tarixin yaddaşına həkk olundu.