Şeirlər: Əzimağa İbrahimov

Sən mənə baxırsan

Sən mənə baxırsan, mənsə özgəyə,
İstərəm özgədən mənə göz dəyə,
Mən onu, o isə məni gözdəyə,
Nə vaxtsa bir anlıq onla bir olaq,
Bitsə də cavanlıq onla bir olaq…

O ayrı məqamdı, ayrı dünyadı,
Bilirəm əlçatmaz, şirin xülyadı,
Görmüşəm bilmirəm nədir heç adı?!
Qəlbimi titrədib, kor edib məni,
Hörümçək özünə tor edib məni…

Təlatüm, fırtına, daşqın, sel, boran,
Baş verir beynimdə, onu görən an,
Mən şagird, o isə ağır imtahan,
Suallar qəlizdi, cavabı yoxdur,
Bu dərdin yazılan kitabı yoxdur….

Təmkinlə davranıb susuram hələ,
Ovçu tək ovumu pusuram hələ,
Əslində özümə qurmuşan tələ,
Mənmi tələdəyəm, tələmi məndə,
Sevəcəm sonadək qələmi mən də…

Mənsiz

Çəkərdin yataqda mənim adımı,
Yaxında, uzaqda mənim adımı
Tənha bir otaqda mənim adımı,
De!!!!Necə dilinə alassan mənsiz?!!!

Çox düşdün sən haya, kuyə düşüncə,
Didəcək ömrünü fikir, düşüncə,
Qısılıb təklikdə soyuq bir küncə,
Mənli xəyallara dalassan mənsiz….

Qəlbimdə oxudu köz mahnısımı,
Tapmadı dildəki söz mahnısını,
Həyat çaldı sənə öz mahnısını,
Sən hansı mahnını çalassan mənsiz?!!!!

Hisslərin aldandı hiss edən zaman,
Sən nələr düşündün mən gedən zaman?…
Sən məni uzaqdan seyr edən zaman,
Titrək əlinlə əl çalassan mənsiz!!!…

Doladın eşq ilə dolan sevgini,
Solduqca soldurdun solan sevgini,
Öldürdün qəbində olan sevgini,
Qəlbinə de!! kimi salassan mənsiz?!!!

Hamı eşidirdi, bir mən kar idim,
Sadəcə sən deyib sənə yar idim,
Yanında yeganə bir mən var idim,
Məni də öldürüb, qalassan mənsiz.

Əzimağa İbrahimov.