Vətən torpaqlarının erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhidlik Zirvəsinə ucalan qəhrəman oğulların ailələrini mütəmadi olaraq ziyarət etmək, onların qayğıları ilə yaxından maraqlanmaq hər birimizin borcudur. Unutmamalıyıq ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi Qələbəyə, bu gün ayaq basdığmız torpaqlarda rahat nəfəs aldığımıza, işıqlı sabahımıza görə Şəhid oğullarımıza, qazilərimizə, Müzəffər Ordumuzun hər bir əsgər və zabitinə borcluyuq!
Bu gün Şəhid ailələrinin maddi köməklikdən öncə, mənəvi dəstəyə, diqqət və qayğıya ehtiyacı var. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməlidir…
Bu günlərdə bir qrup ziyalı xanımlar – AYB-nin Sumqayıt Şəhər Bölməsinin məsləhətçisi, “ZƏRİF” qadın ədəbi məclisinin və “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin sədri, “mitmedia.az” saytının rəhbəri, şair Xatirə Fərəcli, “MİT” İB-nin icraçı direktoru Şəbnəm Hüseynova, “VİP” Mərkəzinin və “Günəşli Sabah” qəzetinin rəhbəri, jurnalist-publisist Aygün Hacıyeva, “Uğur_art_life” özəl mərkəzin təsisçisi və “Rəsm hazırlığı” üzrə müəlliməsi Jalə Məhyəddinova, şəhid ailələrindən ibarət olan “Seçilmişlər” qrupunun rəhbəri, Vətən müharibəsi şəhidi Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədovanın və şəhidimiz Elmar Nəsibovun anası Sürəyya müəllimənin iştirakı ilə, ZƏFƏR sevincini Azərbaycan xalqına yaşadan şəhidlərimiz Əliyev Qubat Hüsur oğlunun və Nəcəfov Şamil Rəfi oğlunun ailəsini ziyatət etmişlər. Ziyarətin əsas məqsədi ailələrin qayğıları ilə daha yaxından tanış olmaq, həmçinin rəssam Jalə Məhyəddinovanın çəkdiyi portretləri ailə üzvlərinə təqdim etmək olmuşdur.
***
QISA ARAYIŞ: Qubat Hüsür oğlu Əliyev 4 fevral 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2001-2010-cu illərdə Sumqayıt şəhər 15 saylı tam orta məktəbdə təhsil alıb. Elə həmin il 1 saylı Peşə Liseyinə daxil olub və 2013-cü ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı” üzrə “Operator” ixtisasını bitirib.
Q.Əliyev 2013-2015-ci illərdə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra özəl sektorlardan birində əmək fəaliyyətinə başlayıb.
Əslən Qərbi Azərbaycanın Sisian rayonundan olan Əliyevlər ailəsi dörd nəfərdən ibarət olub; ata, ana — Nigar xanım, bacı – Sara xanım və bizim qəhrəman oğul. 1988-ci ildə baş verən məlum hadisələrdən sonra ailə taleyini Sumqayıt şəhəri ilə bağlayıb.
Qubat Əliyev 2016-cı ildə Balaxanım xanımla ailə həyatı qurub və bu evlilikdən onların bir oğul övladı dünyaya gəlib.
9 Oktyabr 2020-ci ildə könüllü olaraq döyüş bölgəsinə gedən Qubat Əliyev Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd rayonları uğrunda gedən Haqq savaşında misilsiz şücaət göstərib. İgidimizin son döyüş yolu Xocavənd rayonunun Qırmızı Bazar kəndi istiqamətindən Şuşaya doğru olub.
Noyabrın 8-də Şuşa uğrunda gedən mübarizədə Vətənin cəsur oğlu qəhrəmancasına həlak olaraq ən uca məqama — Şəhidlik Zirvəsinə yüksəlir.
11 Noyabr 2020-ci ildə Azərbaycan Ordusunun igid, məğrur döyüşçüsü, 26 yaşlı Baş atıcı-tuşlayıcı Qubat Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur.
“Şuşanın körpə qartalı” adını qazanmış mərd, qorxmaz, igid qəhrəman Qubat Hüsür oğlu Əliyev ölümündn sonra, Ölkə rəhbəri İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün Vətən sevdalı Şəhidimizin 4 yaşlı oğlu Elcan və sonradan dünyaya gəlmiş, şəhidimizə üzünü görmək belə nəsib olmayan, bu günlərdə 1 yaşı qeyd olunacaq ikinci oğul övladı bizlərə əmanətdir.
***
QISA ARAYIŞ: Şamil Rəfi oğlu Nəcəfov 4 fevral 1997-ci ildə Sumqayıt şəhərində müəllim ailəsində anadan olub. Əslən Yardımlı rayonundan olan, ata, ana və iki qardaşdan ibarət olan Nəcəfovlar ailəsi sonradan Abşeron rayonunun Saray qəsəbəsində yaşayırlar.
Şamil Nəcəfov 2003-2014-cü illərdə Sumqayıt şəhər, M.Müşfiq adına 34 saylı tam orta məktəbdə təhsil alıb. Elə həmin məktəbdə “İngilis dili” fənnini tədris edən Gülşən müəllimə Şamilin həm həyatda, həm də təhsil ocağında ən yaxın sirdaşı, dostu olub. Şamil qardaşı Emillə həyatının ən xoşbəxt, arzu dolu bir dünyasını yaşayıb…
Şamil Nəcəfov 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və iqtisadiyyat» fakültəsində təhsil alıb. 2018-ci ildə təhsilini uğurla başa vuran gənc oğlan magistraturaya daxil olub və 2020-ci ildə «Turizm iqtisadiyyatı» üzrə magistr dərəcəsi alıb. Subay olan gənc tükənməz arzularla yaşayıb…
2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılan Ş.Nəcəfov Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan, qəlbi Vətən sevgisi ilə çırpınan Şamil Nəcəfov, 2020-ci ilin 27 sentyabr tarixindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. Gənc əsgər Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub.
Azərbaycanın qeyrətli, cəsur oğlu Şamil Nəcəfov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik şərbətini içərək Allah dərgahında ən uca zirvəyə ucalır. Bu zirvəni isə yalnız Uca Allahın SEÇİLMİŞLƏRi fəth etməyə qadirdilər!
1 Oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun 23 yaşlı mübariz, igid əsgəri Şamil Nəcəfovun nəşi Abşeron rayonunun Saray qəsəbəsinə gətirilərək torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şamil Rəfi oğlu Nəcəfov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Ölkə prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şamil Nəcəfov ölümündən sonra «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif olundu.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən eşqli igid əsgəri Şamil Nəcəfov, həmçinin, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif edildi.
Ruhunuz şad olsun, Cənnətməkan Şəhidlərimiz!
A. Hacıyeva