ŞƏHİDİMİZİN ŞƏRƏFİNƏ HƏSR OLUNMUŞ “25” ADLI FOTOSƏRGİ

Bu günlərdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Sumqayıt Dövlət Rəsm Qalereyasında, Azərbaycan Fotoqraflar Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə, «Biz sizə borcluyuq” kompaniyası çərçivəsində, Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin doğum günü ilə bağlı, “25” adlı fotosərgi keçirilmişdi.

——————

Qısa arayış:  Elnur Əli oğlu Allahverdizadə 15 may 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2012-ci ildə 41 saylı tam orta məktəbi bitirib. 2012-2016-cı illərdə Bakı Slavyan Universitetinin “Tərcümə” fakültəsində təhsil alıb.

E.Allahverdizadə 2016-cı ilin iyul ayından 2017-ci ilin iyul ayınadək Daşkəsən şəhərindəki hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra, gənc oğlan “Səs operatoru” peşəsinə maraq göstərib. O, səs rejissoru kimi, bir çox film və serialların, saysız-hesabsız rekalamların çəkilişində öz sözünü deyib, “Bozbash Pictures” və “Picmus Production” kimi şirkətlərlə əməkdaşlıq edib. Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” sənədli filminin, “Barama”, “Atılmışlar” və s. teleserialların rejissoru kimi uğura imza atıb.

4 Oktyabr 2020-ci il tarixdən Azərbaycanın Vətən sevdalı oğlu E.Allahverdizadə II Qarabağ savaşına qatılır və Xocavənd, Ağdam, Ağcabədi rayonları istiqamətində gedən döyüşlərdə düşmənə qarşı misilsiz şücaət göstərir.

7 Noyabr 2020-ci ildə Ağcabədi  rayonunun Qiyaməddinli kəndi uğrunda gedən döyüşlərdə 25 yaşlı topçu Elnur Allahverdizadə elə top məsrmisindən dünyasını dəyişərək Allah dərgahında ən uca zirvənin sahibinə çevrilir…

Azərbaycanın Zəfər tarixinə adını Qızıl hərflərlə yazan igid oğul — Elnur Allahverdizadə 8 noyabr 2020-ci il tarixində Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur.

Azərbaycan Silahlı Qüvvələrinin mərd, mübariz, cəsur əsgəri Elnur Əli oğlu Allahverdizadə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncaməna əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

——————

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdı.

Sərgidə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin Baş məsləhətçisi Eyvaz Qocayev, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu və digərləri çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan uğurlardan, Ölkə rəhbəri,  Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyəsindən, qətiyyətli addımından, müzəffər ordumuzun qüdrətindən, şəhidlik məqamının ucalığından, düşmən tapdağından azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və quruculuq işlərindən  söz açmışlar.

Tədbirdə Sumqayıt şəhər 9, 12 və 41 saylı tam orta məktəblərin rəhbərləri, müəllim və şagird kollektivləri, şəhidin ailə üzvləri, digər şəhid əilələri və şəhər ictimaiyyəti iştirak etmişlər.

Tədbirin sonunda şəhidin əzizləri çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə, Ölkə rəhbərinə öz dərin təşəkkürünü bildirmiş, tədbir iştirakçılarına belə bir gündə ailənin yanında olduqlarına görə, minnətdarlıq etmişlər.

Daha sonra tədbir iştirakçıları şəhidin sərgidə nümayiş olunan, 25 street janrında çəkdiyi rəsmlərlə yaxından tanış olmuşlar.

Aygün Hacıyeva