“BAKIDAN ŞUŞAYA ZƏFƏR YOLU AÇAN ŞƏHİDLƏR” adlı daha bir layihə gerçəkləşdi

17 May 2022-ci tarixdə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt Regonal İdarəsinin kollektivi  daha bir uğurlu addıma imza atdı. Şəhərin Poeziya evində şəhid ailələri, həmçinin şəhər ictimaiyyəti üçün nəzərdə tutulan “BAKIDAN ŞUŞAYA ZƏFƏR YOLU AÇAN ŞƏHİDLƏR” adlı ədəbi-bədii tədbir həyata keçirildi.

Azərbaycan Dövlət Himni ilə başlanan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Layihənin rəhbəri və tədbirin aparıcısı, 30 ildən artıq müddətdə Regional İdarənin sədri olan, həyatının 57 ilini gənc nəslin təlim-tərbiyəsinə və savadlanmasına, vətənpərvər ruhda böyüməsinə həsr edən tanınmış pedaqoq, şair Qənirə Mehdixanlı qonaqları salamladıqdan sonra, Azərbaycanın tarixi keçmişindən, mənfur qonşuların xalqımızın başına gətirdikləri müsibətlərdən, Vətən müharibəsində şücaət göstərərək Zəfər tarixinin şanlı səhifələrinə adını silinməz mürəkkəblə həkk edən igid Vətən oğullarından – Şəhid və qazilərimizdən, bu mübarizədə Xalq-Rəhbər birliyindən söz açdı. O, çıxışında azad olunmuş Vətən torpaqlarında Ölkə rəhbəri cənab İlham Əliyevin az bir zamanda gördüyü məqsədyönlü işləri, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğuladı.

Qənirə Mehdixanlı bir daha qeyd etdi ki, 2022-ci ilin Azərbaycanda «Şuşa İli” elan olunması, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinin təntənəsi olaraq, bütün dünyaya verilən mühüm mesajdır.

Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədliyə verildi. Natiq Zəfər sevincini xalqa yaşadan cəsur, qorxmaz, qeyrətli Vətənsevərlərdən söz açaraq, belə oğullar böyüdən valideynlərə öz təşəkkürünü  bildirdi. O, həmçinin,  belə gözəl tədbirə, yüksək səviyyəli hazırlığa görə, Regional İdarənin rəhbəri Qənirə Mehdixanlı başda olmaqla, kollektivi ürəkdən təbrik etdi, gələcək  fəaliyyətlərində onlara uğurlar dilədi.  Belə tədbirlərin mütəmadi keçirilməsini qeyd edən A. Məmmədli, bu addımın digər bölgələr üçün də bir nümünə olacağını xüsusi vurğuladı.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış pedaqoq-şairə Ofeliya Babayeva, “Manevr.az” və “Sumqayıtfakt.az” saytlarının rəhbəri, jurnalist, şair-publisist Namiq Dəlidağlı, AYB-nin Sumqayıt İdarəsinin məsləhətçisi, “Mədəni İnkişafın Təbliği” İctimai Birliyin sədri, “mitmedia.az” saytının təsisçisi, şair Xatirə Fərəcli, şair Elbrus Qayalı, “VİP” Mərkəzinin və “Günəşlı Sabah” qəzetinin təsisçisi və rəhbəri, jurnalist-publisist Aygün Hacıyeva, şəhid ailələrindən ibarət olan “Seçilmişlər” qrupunun rəhbəri, şəhid Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədova çıxışlarında “Azərbaycanın musiqi konservatoriyası” sayılan Şuşanın tarixindən, Şuşayacan şərəfli döyüş yolu keçmiş şəhidlərimizin həyat hekayələrindən… söz açdılar. Hər bir natiq bu, gözəl təşəbbüsə görə, təşkilatçı Q.Mehdixanlıya dərin təşəkkürünü bildirdi.

Regional İdarənin üzvü olan istedadlı aşıqların – Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Ələkbər Ələkbərov (balaban), Dağıstan Respublikasının Əməkdar Mədəniyyət işçisi Mərkəz Qurbanov, həmçinin Təbriz Hüseynli (Gədəbəyli), Çərkəz Qurbanov, Əli Kəlbəcərli, Həvva Nəsibova, Ceyhun Tovuzlu, Əlisəfa Zərbəliyev (qaval), Şəhriyar Əliyev, Nəcəf Kəlbəcərli, Əli Vüqaroğlu və Arif Kəlbəcərlinin, həmçinin gənc aşıq Elvinin və məktəbli qiraətçi Sonanın çıxışlararası maraqlı ifaları tədbirə xüsusi rəng qatdı.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Aygün Hacıyeva