Şeirlər: Fəxrəddin Teyyub Bacı tapmışam

Bacı tapmışam
bacım gözəl şairə Xatirə Fərəcliyə


Qalıb hərəsindən neçə xatirə,
Hər biri ətridir ilk baharımın.
Tanrı mənə çoxlu bacı yetirə
İtirəm sayını bacılarımın.

Gün kimi, ay kimi alışırdın ki,
Nə çox qaraqabaq, ölə danışmaz.
O qədər ürəkdən danışırdın ki,
Adamın doğması belə danışmaz.

Mənə bahar dedin ahıl yaşımda
Səndə olan ürək çoxunda olmur.
Arzular zirvədə, dağlar başında
Əlini uzatma, yaxında olmur.

Sözümü nə göyə, nə yerə deyim
Apar uzaqlara küləksən axı.
Dilim gəlmir sənə Xatirə deyim
Sən mənim gözümdə Mələksən axı.

Mən qeyrət gəzirəm baxıb hər yana
Qoymağa başıma tacı tapmışam.
Anam sağ olsaydı, deyərdim, ana
Özümə bir gözəl bacı tapmışam.

Fəxrəddin Teyyub.