«Mədəni İnkişafın Təbliği» İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sumqayıt şəhərində icra etdiyi “Yaradıcı Zərif Əllər» sərgisinin təşkili” layihəsi çərçivəsində ilk təlimini Sumqayıt Poeziya evində keçirib. “Qadın sahibkarlığının inkişafı üçün sosial, iqtisadi, hüquqi imkanlar” mövzusunda keçirilən ilk təlimdə müxtəlif yaş qruplarından 20 qadın iştirak edib.
Təlim başlanmazdan öncə İctimai Birliyin sədri,eybi zamanda cari layihənin rəhbəri Xatirə Fərəcli çıxış edərək icrasına başlanan layihənin əsas məqsədi və layihədə nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verib. Daha sonra təlimçi Samirə Şaqavatova mövzü üzrə təlimin proqramını iştirakçıların diqqətinə çatdırıb. Təlimdə Azərbaycanda sahibkarlıq haqqında qanunvericilik, kiçik və orta biznesin inkişafı üçün hüquqi və iqtisadi baza, qadınların sahibkarlıq imkanları və qadın sahibkarlığına dəstək, Sumqayıt regionunda qadınların kiçik biznes qurma imkanları və s. istiqamətində faydalı müzakirələr aparılıb.
Təlim interaktiv metodla keçirilib. Bütün iştirakçılar toxunulan mövzulara, fikirlərə dair öz mülahizələrini, rəylərini bildirib, daha çox bilgi əldə etməyə çalışıblar.
Qeyd edək ki, icra olunan layihənin əsas məqsədi qadın sahibkarlığına məsləhət və informasiya dəstəyi vermək, onların hüquqi bilgilərinin artırılmasına, işgüzar əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq təşəbbüslərinin inkişafına yardımçı olmaqla qadınların kiçik və orta biznes fəaliyyətinə təşviq etməkdir.