Unutmuruq, unutmarıq…

Bu günlərdə Sumqayıt şəhərində, Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə, II Qarabağ müharibəsində şəhid olmuş igidlərimizə həsr olunmuş “Zirvəyə ucalanlar” adlı sərgi-tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə açılmışdır. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin aparıcısı Hafiz Alaxanlının tarixi ekskursiyasından sonra, “Zəng” adlı qısametrajlı bədii film izlənilmişdir. Filmin yaradıcı heyəti — rejissor Ruslan Sabirli, Əli Quli, qazi Kənan tədbir iştirakçılarına təqdim olunmuşdur.

Şəhidlərimizin şəkli əks olunmuş xalşaların ərsəyə gəlməsində təşəbbüs göstərmiş və bu işin yüksək səviyyədə həyata keçirilməsində müstəsna əməyi olmuş “Merinos” xalça şirkətinin rəhbəri Əhməd Hüseynova söz verilmişdir. Şəhid ailələri qrupunun koordinatoru, həmçinin tədbirin layihə rəhbəri Ruhiyyə Əhmədova Əhməd Hüseynova, minnətdarlıq əlaməti olaraq, rəmzi xatirə hədiyyəsini təqdim etmişdir.

Natiqlər: din xadimi Hacı Rauf Sərdarov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Süleymanov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi Ceyran Həsənova, Tovuz hadisələri zamanı şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov, qazi Xəzər Abdullayev, “Azərsun” Holdinqin nümayəndəsi Rüfət Mirzəyev və digərləri öz çıxışlarında,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Ordumuzun qüdrətindən, şəhidlərimizin qəhrəmanlıq salnaməsindən qürur hissi ilə danışmışlar.

Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı tam orta məktəbin şagirdi Əli Əhmədov, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əli Hüseynov, qazi övladı Dəniz Abdullazadə söylədikləri vətənpərvər ruhlu şeirləri, Sumqayıt şəhər 35 saylı orta məktəbin şagirdləri hazırladıqları kompozisiya ilə tədbirə xüsusi rəng qatmışlar. Müğənnilərin — Azər Əzizin, Sevinc Pərinin və gitara ifaçısı Qəşəm Cəfərovun ifa etdikləri musiqi nömrələri, eləcə də şəhid Anar Şükürovun adını daşıyan 25 saylı tam orta məktəbin şagirdləri Ayxan və Rəvan Abdullazadə qardaşlarının ifasında “Xudayar təsnifi” tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Şəhid anaları da, öz növbələrində, yüksək səviyyədə təşkil olunmuş sərgi-tədbirə görə, təşkilatşılara minnətdarlıqlarını bildirmiş, göstərilən diqqətə görə məmnunluqlarını ifadə etmişlər.

Sonda sərgiyə baxış keçirilmiş, həmin günün xatirəsi olaraq şəkillər çəkilmişdir.

Azərbaycan xalqına, millətinə şanlı Zəfər sevincini yaşadan qəhrəman oğullarımızı unutmağa heç kimin haqqı yoxdur! İllər ötsə də, Vətən naminə canından, qanından keçməyə hazır olan Şəhidlərimiz heç zaman unudulmayacaq, onlar daima qəlblərdə yaşayacaqlar!