Duyuma söykənən söz
Bir Kalmık şairinin sözə verdiyi qiymətlə şair-vətəndaş Rafiq Ələkbərin yaradıcılığının bədii təhlilinə keçid alacağıq.
-görən nə boydadır sözün ürəyi?!
-onu söyləyənin ürəyi boyda!
Fikir dünyası da doğulduğu, boya başa çatdığı dağlı — aranlı, tarixin yaddaşından süzülüb gələn “Qız qalası”yla tanınan böyük Alar kəndinin ucalığı ilə həmahəng olan şair Rafiq Ələkbərin dəyərli və diqqətli oxucuları ilə səkkizinci kitab görüşü də uğurlu görüş oldu. Görüşün mübarək “İrfan və eşq görüşləri” adını filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Vaqif Yusifli ön sözüylə salamladı. Salamın leksik mənası “Sahibi Haqqdır” Biz də deyirik: Haqqa Salaməleyküm. Elə Rafiq müəllimin özünün də sözünün əvvəli Haqq, Sonu Haqqdır. İrfan — Allahı dərk etməkdir.
Mən Tanrı yolçusuyam,
Yolum Turandan keçir,
-deyən şair üçün Tanrıdan qüdrətli varlıq yoxdur:
Xoş gələr rak, dürr Tanrıya,
Agahdır hər şey Tanrıya,
Gecə-gündüz bir Tanrıya
Baxıb səcdə qılan mənəm.
Bütün gözəlliklərin anlamında Tanrının özündən sonra ikinci müqəddəs varlıq duyuma söykənən, ruhun qidası olan sözdür. Söz özümüzdən çox-çox böyükdür. Bu baxımdan R. Ələkbər də sözə, onun xüsusi forması olan poetik idrakın işığına səcdə qılır. İnamında iman imanında ümid və sevgi olan şair bütün şübhələrdən və gümanlardan sıyrılıb çıxır. Qələmə aldığı hər bir ifadə səmimidir. Səmimi poeziya isə həmişəyaşardır.
Ruhunun əsiri olan R. Ələkbərin istedadını “Ya Rəbb, adilsən, hifz elə bizi, Halal ocaqlara üzv elə bizi, — deyən böyük şairimiz Məmməd Araz da illər öncə qiymətləndirmiş, onun sözünün sehri ilə ustad şairlərin dəst-xəttinə yüksəldiyini qeyd etmişdir. Bu qürurverici qiymətləndirmədir. İstedadlı tənqidçi Rüstəm Kamal da onun “seçilmiş əsərləri”nə yazdığı ön sözündə şair R. Ələkbərin şeirin texnikasına yaxşı bələd olduğunu, bədii ifadə və bədii təsvir vasitələrindən yerli-yerində istifadə etdiyini qeyd etmişdir. Şairin istedadının başqa bir tərəfi də onun “Ruhum əbədiyyətim” adlı şeirlər toplusuna ön söz yazmış şair- ədəbiyyatşünas Elşən Əzim aydınlıq gətirmişdir. O, haqlı olaraq qeyd edir ki, Rafiq Ələkbər bir şair olaraq ənənəvi simvollara, rəmzlərə müraciət edir. Nağıllarımızdan bizə yaxşı tanış olan “div”, “Simurq quşu”, “at” və “şir” kimi rəmzlərdən bəhrələnən şair maraqlı metaforalar yaradır:
Sevənlərçün peşə nədir?!
Xoş gün nədir, nəşə nədir?!
Mənim sevgim şüşədədir,
Sınsa divəm, öləcəyəm.
Ümumiyyətlə, bədii dilin əsas tərkib hissələrindən olan bədii təsvir vasitələri-məcazlar R. Ələkbər şeirlərinin əlvan naxışlarıdır. Şairin yaradıcılığında məzmun və forma bitkindir. Müasir dövrümüzün şair və şeir bolluğunda R. Ələkbər kiminsə qələminin təsiri altına düşmədən, təqliddən uzaq olan özünün sənət dünyasını yaratmaqdadır. Yaratmaq isə yaşatmaqdır- dünəni, tarixi keçmişi sabaha təqdim etməkdir.
Yazımızın qəhrəmanı Rafiq Ələkbər çağdaş Azərbaycan ədəbiyyatının tanınmış qələm sahiblərindən biri olmaqla yanaşı, həm də illərdən bəri haqqa-ədalətə böyük önəm verən hüquqşünasdır. O öz nəfsinin xanı olaraq S. Rəhimovun qəhrəmanı Mehmanın prototipidir. Şair şeytana nökər olanları, təkərləri şərə-böhtana fırlananlara nifrətini “Tanrıdan iki alanlar” ifadəsi ilə bildirir. Başını dik tutub gəzən şair saflığı, duruluğu belə tərənnüm edir:
Tanrı dirəyidir-dağından tutdum,
Safından, pakından, ağından tutdum,
Ulu Yaradana sığındım, tutdum,
Mütləqdən, vahiddən, Təkindən keçdim.
Göründüyü kimi R. Ələkbər poeziyasının başlıca səciyyəvi xüsusiyyəti Tanrı sevgisi ilə Tanrı qorxusu hisslərinin qabarıq şəkildə ifadə olunmasıdır. Şairin “Düşün” əmr formalı şeiri fikrimizə tutarlı mənbədir.. Şeirin son bəndinə müraciət edək:
Tanrını həm sevib, ondan həm qorx da,
Odur var olanı yaradan yoxdan.
Həyat sərvətindən məst olma çox da,
Ölüm şərbətini dadmağı düşün.
R. Ələkbərin yaradıcılığından qırmızı xətt kimi keçən dini- fəlsəfi məzmunlu şeirləri əxlaqi-tərbiyəvi əhəmiyyət kəsb edir. Elə ədəbiyyatşünasımızın da başlıca məramı ədəb-ərkandır.
İlahi vergini günəşə, gözəlliyi parlayan atəşə bənzədən şair Rafiq Ələkbərə oxucu minnətdarlığımı Cavid əfəndinin “Mənim Tanrım gözəllikdir, sevgidir” aforizmi ilə bildirir, B. Vahabzadənin “Şair-fikirlərin çırpınan seli” ifad

İlahi vergini günəşə, gözəlliyi parlayan atəşə bənzədən şair Rafiq Ələkbərə oxucu minnətdarlığımı Cavid əfəndinin “Mənim Tanrım gözəllikdir, sevgidir” aforizmi ilə bildirir, B. Vahabzadənin “Şair-fikirlərin çırpınan seli” ifadəsi ilə əlini sıxıram.
Eynulla İsmayıllı
ədəbiyyat müəllimi.