Xəqani Abbasəli Öztürk: Xatirə Fərəcli haqqında…

Keçdi  çiçək dövrü

Xətrini xatirələrdə yaşadacaq qədər hər dəm xatirli olan əziz qələmdaşıma bir ovuc təbriknamə.

Sən necə anlaya bilərsən məni,

Mən özüm-özümü bilə bilmirəm.

Fikrimlə şum vurub, ceşin atıram,

Sökürəm sinəmi niyə bilmirəm. (X.F.)

Mənə görə poeziya ruhun sinirli, əfkarlı, qayğılı və qəmli məqamlarının sözə dönüşmə məqamıdır ki, doğu mistikləri bu məqamı qəlbin harayını gerçəkləşdirmə surəsi kimi tanımlayırlar… olsun…

…Mütaliə fədakarlığımın idrak gücünə arxalanaraq bəşəri və ilahi eşqin vətəni olan könülün Allahu — təala ilə ilişkisinin qutsal duyğu yasası olan seyrin kölgəsinin düşdüyü könlü tərləmiş bir könüldaşımın poeziyası ilə könüllərə ələmdarlıq yapmaq fikrindəyəm…. Kimdi o…

         O seyri zamanın rəngində olan, poetik kültürü düşündürən,  fəlsəfi məntiqi, dərd  və döyüşkənliyi bütün fərdlərin könlünə və ağlına etkiləyici missiyası fərqli olan, mən elə dünyayla yaşıdam… bəlkə deyən xanım-xatın şairə Xatirə Fərəclidir…

         …Əslində elə poeziya ilahi dəlillərə yaslanaraq “insanizim fəlsəfi düşüncəsinin” bütün dönəmlərdə müqəddəs bələdçisi olub…

         Bu dəfəki bələdçiliyi Xatirə Fərəcli şeirləri ilə etməyi özümə bir borc bilirəm…. Çünki ağrısı-acısı dünyayla eyni rəngdədir, onun…

                   İtsəm də itkilər dağıntısında,

Gəzsəm də kəndbəkənd, ölkəbəölkə,

Dünya bir rəngdədir ağrılarımla

Mən elə dünyayla yaşıdam bəlkə.

                   ***

Ölüm də, unutmaq, unudulmaq da,

Fanidə əvvəlki qaydadır elə.

Ağrının da rəngi, məxsusluğu var

Yaşanar eləcə, gəlməz ki, dilə.

Əzəl başdan sərhədli və sərhədsiz poeziya mövcuddur Poeziyanın sərhəddi aləmin hüdudunun başlanğıcıdır…

Xatirə Fərəcli yaradıcılığında təfəkkürün azadlığı hər dəm özünü göstərir. Bu da onun milliliyini saxlamasına rəvac verir. Şairlik milli-mənəvi mahiyyətin memarı olmaqla bahəm, həm də sözə qulluqdu…

Yaradıcı adam düşüncəsində ulu olanda  onun yaradıcı həqiqətinin mahiyyəti qərinələri aşır…

… Hər bir yaradıcı zat bir xarakterdir və yaradılan hər nümunə də bu xarakterin məhsuludur… Xatirə xanımın hər şeirinin ayrıca xarakteri var… Kimsəyə bənzəmir… o  yazır ki;

                   Həmişəyaşıl ağac görəndə

sevincə, kədərə

heç bir reaksiya verməyən adam görürəm elə bil,

mimikasız, həyəcansız adam,

həmişə havası eyni, hissləri eyni,

soyuq, isti,

sevinc, kədər

gedib çatmır ürəyinə qədər.

… Poeziyanın  ruhu səmimiyyətlə bəslənəndə o, içində ilahi duyğuları barındırır. Xatirə Fərəclinin poeziyasında onun ruhuna  ögey olan fikirlərə yer olmur. Ondandır onun şeirlərinin içində ehtiva etdiyi gerçəklik ilahi eşqin kölgəsidir… Təmiz duyğulu, təmiz adam…

                   … Məsum hisslərinə yol alıb gedər

məyus, mütəəssir…

Dünyası ovcunda,

özünə doğma, özünə qərib adam.

Ürəyindən keçənlər

qar üstündə ləpir kimi,

öz içi özünə qənim,

qoruqçu

toqquşub yağdıran bulud,

yağışdan qoruyan çətir kimi.

…Gedər

gediləsi başqa yeri yox,

sıxılar,

sığınar,

sinər içinə,

ha qaça qurtara bilməz özünü,

içinin quludur

yenər içinə

təmiz adam.

…İdrakımın “ feyzi-cavidan”lıq duruşuna baxaraq birbaşa demək istəyirəm ki, Xatirə xanımın  şeirləri haram   sokağını tanımır… Çünki Xatirə Fərəclinin könlündəki “ şeir nehiri” gətirəcəyi almanın rəngini ona sorur…

Ulularımız deyiblər ki, şeir Allahdan razılıq duyğusudur… Bu məqamda bunca şeir içində nədənsə Xatirə Fərəclinin “ Mən adda günahın ola” duyğusu dilə gəldi:   

Tükənib son nəfəs kimi

Çəkdiyin hər dolu ahda,

Mən adda günahın ola,

Boğulasan bu günahda.

         ***

Günahdırsa adı əgər

Bəxtəvər başına bunun.

Bir şey ki, yeri könüldə,

Kimə günah, kimə qanun.

         ***

Tanrı duası sayılar,

Bir hökmü vermişsə ürək.

Təki günahın mən olum,

Günahkarlar da sənin tək!..

Şair əgər bəladan belə həzz duyarsa demək o, “rıza” məqamındadır…

…Mənə görə hər yaradıcılıq nümunəsinin könüllərdə yaratdığı hüzur, o hüzuru yaradan ədəbi nümunənin hiss etdirdiyi qədər olur. Bu anlamda Xatirə xanım bəxti gətirənlər sırasındadır…

…Şairin qüdrəti onun poeziyasındakı insanizim fəlsəfi görüşünün doğma dilində ehtivasıdı… Gerçək olan odur ki, Xatirə xanımın şeirlərində ruhi- mənəvi dilənçilik olan təqlidə yer yoxdur… Onun şeirləri yaddaş çəkisindən, ruhunun  hafizəsinin ölçüsündən öz müəllifini bəlli edir.( Xatirə Fərəclinin bəzi şeirləri xatirəyə dönən günlərin xatırlı xatirəsinin xəritəsini belə  xatırlamağa  dilmanc olur)… Xatirə xanımın  göz yaşının rəngi şeirlərinin rəngindədi, onun şeirlərinin əxlaqı mələk əxlaqıdı… Dərdinin rəngi bəmbəyazdı:-

Bu  bahar  anamsızam,

Yer,  göy canlandı  bu  bahar,

                         mən  cansızam.

Bu  bahar  bənzəmədi  əvvəlkilərə,

Girmədi  ürəyimə  bu  bahar,

Qarışıb  sularına

                        göz  yaşım  axdı…

Qarışmadım  bu  bahara,

                        uzaqdan  baxdım…

Onun şeirlərində ömrün çiçək dövrü analı günlərin duyğu dili ilə danışır, çünki o dili hər kəs bilmir. Çünki, o dildə bəzən qəhərdən dil alışır: Mənim təfəkkürümün inancı məndə belə düşünməyə əminlik yaradır:

Keçdi

çiçək dövrü,

duyğuların oğlan çağı,

baharın göyçək dövrü,

başlandı

 çiçək yağışı,

çiçəklərin payızı yazda olur.

Mənim düşüncə tərzimə görə adamlardakı uzun həyat davasının vərdişi olan xasiyyət Xatirə xanımda  mülayim baxış, qürurlu duruş və səbr-təmkinin uca boyunda özünü göstərir… Ki, ! sözü qoyur ayağının altına və yazır:

Haqdan gələn haqqıma

Bir kağız kölgə salıb.

Çoxundan hündür boyum

Çox vaxt kölgədə qalıb.

Bir biləsən  bu kölgə

Bəxtimə hardan düşüb.

Dərdlər bəxtəvər olub,

 Dərdlər burda görüşüb.

Xatirə xanımın şeirlərində biganəliyin və qəmin islatdığı  nəqarətsiz  şeirlərin də öz ünvanı var… Bu ünvanların  birinə şam yaxıram diqqətlə baxın.

Kimə qucaq açdımsa,

qamçıladı qollarımı,

nə bacardı

baltaladı kölgəmi, izimi,

qılıncladı yollarımı.

***

Kimə qucaq açdımsa,

xəyal qırıqlığı,

etibar,

etimad itkisi

divan tutdu bağrıma,

oturub fatihə oxudum

qucaq açdıqlarıma.

Amin… mən hər vaxt demişəm şeirlə könüldaşlıq ən əfsəl ibadətdir…Bu ibadətin  ibadəti də  könül xoşluğu olduğu üçün mən də Xatirə xanımın şeirlərinin ətriynən könlümdə bahar fəsli yaratdım.
…Az və öz yazdım ki, oxucu məsuliyyətinin hüzuru qaçmasın… Çünki son söz oxucunun olur… olsun!
Xəqani Abbasəli Öztürk
AYB-in üzvü
Şair-tənqidçi

.