Şeirlər: Ülvi Aydın

Tövbə,bu dünyaya bir də gəlmərəm.

Zər-ziba geyinə bu yerin üzü,
Tövbə,bu dünyaya bir də gəlmərəm.
Şah olacam,taxta sahib olacam,
Tövbə,bu dünyaya bir də gəlmərəm.

Çirkinlər gözümdə dönə göyçəyə,
Tutula hər günüm gülə,çiçəyə,
Yalanlar bir anda dönə gerçəyə,
Tövbə,bu dünyaya bir də gəlmərəm.

İnsanlar can deyə can da eşidə,
Barmaqlar bir ola, hətta beşi də.
Dil açıb danışa dağı, daşı da,
Tövbə,bu dünyaya bir də gəlmərəm!

Dağlara-dağlara

Səhər-səhər yenə düşdü,
İzim dağlara-dağlara.
Coşdu təbim axıb getdi,
Sözüm dağlara-dağlara.

Zirvəsinə enmişdi Ay,
Sinəsinə duman lay-lay.
Heç bir yerdə tapılmaz tay,
Bizim dağlara-dağlara.

Gül çiçəkdi sağım,solum,
Xatirədir hər bir kolum,
Vüqarına qurban olum,
Özüm dağlara-dağlara.

Səndən nigaranam

Səndən nigaranam yenə bu axşam,
Səsin eşidilmir,sorağın gəlmir.
Həsrətdən ürəyim olubdu şan-şan,
Eynim açılmayır,gözlərim gülmür.

Çəkdirib bu qədər mənə intizar,
Çarəsiz canımdan eyləmə bezar.
Gəl bahar ömrümə yağdırma sən qar,
Hələ bu xəbəri çoxları bilmir.

Qurumaz gözündən süzülən yaşı,
Anlamaz Ülvini,duymaz bir naşı.
Ölməz ümidləri, bitməz savaşı,
Dərdini tək çəkir heç kimlə bölmür.

Ay bülbül

Nədir yenə oxuyursan,
Qəmli-qəmli,sən ay bülbül.
Oxuduqca ələyirsən,
Saçlarıma dən ay bülbül!

Sinəmi oxlayıb keçdin,
Öz yuvandan niyə köçdün?
De nədən qürbəti seçdin?
Yolun tutar çən, ay bülbül!

Sevənlər murada çatdı,
Mənim»qaraçuxam»yatdı.
Sənsiz bu zülmət həyatdı,
Gəzmə məndən gen, ay bülbül!

Ülvi çəkər sənsiz zülüm,
Qan-yaş tökər zülüm-zülüm.
Duya-duya səni-ölüm,
Dərdin mənlə tən, ay bülbül!