Kömək gümanım
Şairə Xatirə Fərəclinin bir statusuna
İndi duyğularla olur söhbətim,
Xeyli adamlara itib inamım.
Hissim, düsüncəmlə birgə ülfətim,
Səbəb, qərarımı düz-dürüst sanım.
Sormuram kimsədən deyə nə, mənə,
Onsuz şübhəm olur doğruluğuna.
Diz çöküb içsə də and dönə-dönə,
Görmüşəm belələr girən min dona.
Sevgi, sədaqətdən dəm vurub çoxu,
Dil töküb aldada, edəm etibar.
«Yatırıb» gözümə gəlməmiş yuxu,
Xəlvəti aparıb harda nəyim var.
Var da baha, ucuz söz alıb-satan,
Saxta doğmalıqla girən də qəlbə.
Baxmaqla gülməyə «aralıq» qatan,
Səy edən bədxah da savaşa cəlbə.
Çarəm, tək özümə inanım gərək,
Olsun hər nə ola yaxşı, yamanım.
Hissim, duyğularım edəcək kömək,
Bir də düşüncəmə gəlir gümanım.
Nəcməddin Mürvətov