Ölən adama
Əvvəli sonluqdur, sonluğu torpaq,
Külək istəməsə əsərmi yarpaq?
Acından öləni görmüşdüm ancaq,
Bu adam qəm yedi boğuldu getdi.
Yetimin arxası, öncünün önü,
Gələcəyə baxdı, yaşadı dünü.
Dünya dağılmadı o ölən günü
Göydəki durnalar dağıldı getdi.
Sanki asılmışdı dağ sinəsində,
Ölmüş ümidlərin ölü səsində,
Bu adam dilləndi son nəfəsində
Ömür də, həyat da nağıldı, getdi…
Yaşa məni
Dərinliklər gün keçdikcə,
Qaldıracaq başa məni.
Sanma səbrim çevirəcək,
Səbr adlı daşa məni.
Qəlbim sınıq, şıram-şıram,
Dərdim çoxdu, yoxdu çaram.
Öz-özümə danışıram
Allah görür qoşa məni.
Zaman mənəm, saat mənəm,
Qıldan incə “sırat” mənəm.
Ən müqəddəs həyat mənəm,
Bacarırsan yaşa məni.
Əli Rüzgar.