HARDASAN
Əsir olmuşam, dərdimin əlindən
Qurtara bilmirəm gülüm, hardasan?!
Ürəyim səninçün zar-zar ağlayır,
Mən necə öyrənim, bilim hardasan?!
Sənli günlərimiz şəkərdi, baldı,
Düşündük: – Pis günlər arxada qaldı…
Bizi kim qarğadı, kim ayrı saldı?
Çatmayır əlinə əlim, hardasan?!
Sən idin, mən idim, bir tut ağacı –
Hərdən oğrun-oğrun baxıb qıyğacı
Deyərdin: – Dərdimin sənsən əlacı…
Şirinli, şəkərli dilim, hardasan?!
Bəs nədən yad oldu o günlər bizə,
Yoxsa bədnəzərlər gətirdi gözə…
Nə vaxtı gəlmirik daha üz-üzə,
Qırılmış qanadım, qolum, hardasan?!
Nədən uzaq düşdün Ülvidən elə,
Dağ çəkdin könlünə belədən belə…
Elə eyləmə ki, çəkərək nalə
Qışqırım: – Vəfasız, zalım, hardasan?!
ZÖVÜN KƏNDİ
Yenə duman alır kəndi,
Bağlayır bərəni, bəndi…
Göz oxşayan bir səhnədi –
Doğulduğum Zövün kəndi!
Hər yanı yaşıl xalıdır,
Sanki cənnətin yoludur…
Sizcə necə olmalıdır
Doğuldum Zövün kəndi?!
Dağı dumana bürünür,
Çayı ilantək sürünür…
Baxın, nə gözəl görünür,
Doğulduğum zövün kəndi!
Söz mülkündə sözü yordum,
Baxıb min bir xəyal qurdum…
Ata yurdum, ana yurdum –
Doğulduğum Zövün kəndi!
Ülvi Aydın yazdı belə,
Sözü gəzsin eldən-elə…
Gözəlləşir ildən-ilə
Doğulduğum Zövün kəndi!
DAĞLARA
(şair Sakit İlkinə ithafən)
Sakit İlkin, gəl qonaq ol,
Çıxaq dağlara-dağlara…
Salam verək göy çəmənə,
Baxaq dağlara-dağlara.
Gəzib daşlar, otlar üstə,
Gül toplayaq dəstə-dəstə…
Ayaqyalın şehlər üstə
Qaçaq dağlara-dağlara..
Şeir deyək qəşəng-qəşəng,
Gəl uyduraq yalan, cəfəng…
Düzəldək uçan çərpələng,
Uçaq dağlara-dağlara…
Çıxaq dağın zirvəsinə,
Səs verək kəklik səsinə…
Coşsun ilham, daşsın sinə –
Açaq dağlara-dağlara…
Duyğularda olaq ancaq,
Xoş sözlərdən çataq ocaq…
Ülvi Aydın, geniş açaq
Qucaq dağlara-dağlara!
Ülvi Aydın