Şeirlər: Xatirə Fərəcli

Dünya bir rəngdədir ağrılarımla.

İtsəm də itkilər dağıntısında,
Gəzsəm də kəndbəkənd, ölkəbəölkə,
Dünya bir rəngdədir ağrılarımla
Mən elə dünyayla yaşıdam bəlkə.

Ölüm də, unutmaq, unudulmaq da,
Fanidə əvvəlki qaydadır elə.
Ağrının da rəngi, məxsusluğu var
Yaşanar eləcə, gəlməz ki, dilə.

Zamanı, məkanı, taxtı, gərdişi,
Kim gəlib, kim gedib, hesabımı var?!
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.