“NƏSİMİ-650” — Uğurla keçirilən daha bir layihə

Azərbaycanın qüdrətli söz ustalarından olan böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək, ölkənin hər yerində silsilə tədbirlərin həyata keçirilməsi davam etməkdədir.
Elə bu məqsədlə də, bu günlərdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Gənclər Klubunun təşkilati dəstəklərii ilə, Sumqayıt Gənclər Evində 14-29 yaş həddini əhatə edən gənclər arasında 2 yaş qrupunda 2 mərhələdən ibarət olan, «GƏNCİ-NİHAN MƏNƏM» adlı bədii-qiraət müsabiqəsi keçirildi.
Layihənin rəhbəri, SGK-nın “Mədəniyyət və İncəsənət Departamenti”nin sədri, gənc şair Əliyar Fədai tədbiri giriş sözü ilə açaraq, gələn qonaqları salamladıqdan sonra, Azərbaycan Gənclər Fondunun XIII Qrant müsabiqəsində qalib olmuş «GƏNCİ-NİHAN MƏNƏM» layihəsi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, Nəsimi irsinin aktuallığının önə çıxarılması, təbliği, bədii ədəbiyyata, qiraətçiliyə olan marağın artırılması, qiraət sahəsində istedadlı gənclərin üzə çıxarılması və geniş ictimaiyyətə tanıdılması və s. layihənin əsas məqsədlərindəndir.
Daha sonra cıxış edən layihənin koordinatoru, politoloq Əli Miriyev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş üzrə sektor müdiri Ceyhun Hüseynov, münsiflər heyətinin üzvləri — Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, «Çeşmə» Ədəbi Məclisinin sədri, şair-qəzəlxan Lilpar Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov; qonaq qismində dəvət olunmuş şair-qəzəlxan Samir Hacı, “VİP” Mərkəzinin və “Günəşli Sabah” qəzetinin təsisçisi və rəhbəri, AJB-nin üzvü Aygün Hacıyeva belə tədbirlərin əhəmiyyətindən danışaraq, Azərbaycanın inkişafı və tərəqqisi yolunda gənclərin inamlı və məqsədyönlü addımlarını alqışlayaraq, yarışmaçılara uğurlar dilədilər.
Sumqayıt Dovlət Universitetinin tələbəsi Alı Alıyevin, 1-ci mərhələnin qalibləri olmuş Rabiə Muradlının (I yer), İnci Qasımovanın (II yer) və Emin Həmidovun (III yer) yüksək peşəkarlıq səviyyəsində fərqli çıxışları könüllləri oxşadı. Elnarə Beydullayeva, İlahə Qafarova, Roza Xəlilova, Zeyvə Cavadova, Tərlan Əliyev və qədim Şamaxı şəhərindən yarışmaya qoşulan Elgün Həsənovun Nəsimi qəzəllərini dərindən duyaraq, düzgün və gözəl formada, xüsusi ahənglə ifaları hər kəsi məmnun etdi. Xüsusilə də, Roza Xəlilovanın çıxışı! Bu, yeniyetmə qız sanki bir anın içində hamını “Nəsimi dünyasının sehri”nə saldı…
Beləcə, bütün tədbir iştirakçıları dahi şair İmadəddin Nəsimi yaradıcılığından zövq alaraq və bəhrələnərək gözəl anlar yaşadılar…
Nəhayət, münsiflərin yekdil rəyi ilə 2-ci mərhələnin qalibləri müəyyənləşdi. Roza Xəlilova I, İlahə Qafarova II, Tərlan Əliyev isə III yerlərin qalibləri seçilərək, sertifikat və hədiyyələrlə mükafatlandırıldılar. Layıhənin həyata keçirilməsində fəallıq göstərmiş iştirakçılara da sertifikatlar verildi.
Tədbir xatirə şəkilləri çəkilməklə, tarixin bir anı kimi, yaddaşa həkk olundu.