Rahilə Veysəlli
Xocalı faciəsi
Gecənin qəlbini dəlir qaranlıq,
Bu hansı tərəfdi, hansı cəhətdi?
Damarda qan donur sanki bir anlıq,
Bunların başına yermi qəhətdir?
Ah, o müdhiş gecə, o müdhiş gecə…
Qan içən erməni çatdı murada.
Görsəydin sevinir yağılar necə?
Nə qədər qan tökdü onlar burada.
Bürümüş hər yeri barıt qoxusu,
Götürüb aləmi mərminin səsi.
Hər kəsin içində ölüm qoxusu,
Tankın lüləsində alov şöləsi.
Bir ana bağrına basıb körpəsin,
Susdurmaq istəyir onu əbədi.
Çalışır ki, onun çıxmasın səsi,
Olacaqdı bura ölüm məbədi.
Rəhm etmir körpəyə, nə də qocaya,
Taxıltək biçərək doğrayıb tökür.
Baxanda dəhşətli bu mənzərəyə,
Çingizin gözünə qaranlıq çökür.
Ölüm meydanında odla üz-üzə,
Dayanıb ətrafda nə varsa çəkir.
Yağı düşmən ilə durub göz-gözə,
Gözündə qanlı yaş hey çəkir, çəkir.
Hanı bəs ədalət, hanı haqq səsi?
Heç kəs günahının cəzasın almır.
Susur, səs çıxarmır bu yer kürəsi,
Heç kim olanları yadına salmır.