Məryəm Aslanqızı
Xocalı faciəsi
Xocalı silindi bu yer üzündən,
Dilsiz körpələrin günahı nəydi.
Dünya ağlasa da bu acı dərdə,
Ən ağır zərbələr vətənə dəydi.
Nə qoca bilindi, nə də ki, cavan,
Qanlar su yerinə axdı o gecə.
Misli görünməmiş insan fəryadı,
Tanrı dərgahına qalxdı o gecə.
Bağlandı cığırlar, qapandı yollar,
Qaçmaq istəyən də qaça bilmədi,
Qocalı, cavanlı neçə min nəfər,
Səhərin o gecə aça bilmədi.
Hərə bir budaqdan asılı qaldı,
Meşələr ac qurda döndü o axşam.
Oğul ana dərdi, analar oğul,
Evlərdə çıraqlar söndü o axşam.
Dözdülər baş açıq, ayaq da yalın
Analar qayaydı, dağdı o gecə.
Ana balasının qanlısı oldu,
Öz doğma körpəsin boğdu o gecə.