Şeirlər. Ofelya Babayeva

Dünyada

Ömür yolu eniş, yoxuş,
Dərdi dərdimənddən soruş,
Könül, qismətinlə barış
Bu etibarsız dünyada.

Bir nəğməsən-gah zil, gah bəm,
Sızıldama taleyikəm,
Yetən olmaz sənə həmdəm
Bu etibarsız dünyada.

Ola qismətdən gileyli,
Çoxdur eşqi, özü bəlli,
Bəxtli bəxtsiz idi Leyli
Bu etibarsız dünyada.

Ulduz-ulduz yanan oldum,
Min dərdimi danan oldum,
əlçatmaz asiman oldum
Bu etibarsız dünyada.

Yollarımı kəsdi duman,
Rahatlıq bilmədim bir an.
Bəzən həmdəm oldu güman
Bu etibarsız dünyada.

Gah dilləndim, gah oldum lal,
Qoşun çəkdi fikir, xəyal,
Səadət deyil cah-cəlal
Bu etibarsız dünyada.

Karvan köçdü, kimlər qaldı,
İllər nə vermişdi aldı,
Yaşamaq şəkərdi, baldı
Bu etibarsız dünyada.

Ürəyimə toxunma

Dalğalar sahilə tələsən kimi,
Elə bir balaca yel əsən kimi,
Gah dahi, gah müdrik, gah sərsəm kimi,
Danış, de qəlbindən keçəni, amma
Bu bənövşə ürəyimə toxunma…

İstəsən Londondan, Parisdən danış,
Mişadan, Rayadan, Borisdən danış,
Bilib, bilmədiyin hər şeydən danış.
Bircə süni qəmlə alışıb, yanma,
Bu bənövşə ürəyimə toxunma…

Tökülmə üstümə qışda qar kimi,
Özünü göstərmə sözü var kimi,
Sökülüb uçulsan lay divar kimi,
Özülsüzlüyünü heç zaman danma,
Bu bənövşə ürəyimə toxunma…

Min aləm yaşayır hər həvəsimdə,
Gah sevinc oxunar, gah qəm səsimdə,
Yasin surəsi tək son nəfəsimdə
Hamıyçün avazla belə oxunma,
Bu bənövşə ürəyimə toxunma…

Bağışla

Pərişan eşqimi, hüdudsuz sevgimi,
Hirsimi, hikkəmi
Olub ki, boğmuşam-
Bağışla, bağışla, ürəyim.

Nadan, arsıza,
Bir qədirbilməzə
Qıymışam səni mən-
Bağışla, bağışla, çörəyim.

Baharda saçımı,
Üzümü, gözümü, qəlbimi
Oxşadın…
Şaxtada, boranda təntidin.
Unutdum, qınadım
Səni mən,
Bağışla, bağışla, küləyim.